Bununla belə, keyfiyyətli və kimyəvi əlavələri olmayan sabun tapmaq çətindir. Mütəxəssislər bildirirlər ki, ev şəraitində hazırlanan sabunlar insanın sağlamlığına daha müsbət təsir edir. Bu cür sabunlara əlavə olunan efir yağları isə əsəb sistemini sakitləşdirir.
Kosmetoloq Nailə Rüstəmova nın sözlərinə görə, sabun hazırlamaq onun hobbisinə çevrilib və o, hazırladığı rəngarəng sabunların satışı ilə də məşğuldur. "Bu cür sabunlarda kimyəvi əlavələr demək olar ki, olmur. Həm də sabun hazırlamaq yaradıcı prosesdir. Fərqli formada, rəngdə və müxtəlif iyli sabunlar hazırlamaq olar. Bu sabunlar adi sabunlardan çox fərqlənir. Sabunları güllərlə bəzəyib hədiyyə də verə bilərsiz", - deyən həmsöhbətimizə görə, amma evdə hazırlanan sabunların mənfi tərəfləri də var.
Kosmetoloq bildirir ki, xüsusilə də, bu işə təzə başlayanlarda sabunlar yaxşı alınmaya bilər: "Məsələn, sabunun üstü ağ, toz şəklində qatla da örtülə bilər. Bu cür sabun pis görünsə də, ağ ərp sabunun keyfiyyətinə mənfi təsir göstərmir. Həm də ilk dəfə elə bu sabunla yuyunduqda sabunun üstündəki toz şəklində olan qat yuyulub gedir".
Evdə hazırlanan sabun yumşaq da alına bilər. Sabun tam bişmədiyi, soyumadığı üçün yumşaq qalır. Belə olan halda sabunu bir-iki günlük qurumaq üçün soyuducuya qoymaq lazımdır. Əgər bu da kömək etmirsə, deməli, sabunun hazırlanması zamanı reseptə düzgün əməl olunmayıb. Amma buna baxmayaraq, sabun istifadə üçün yararlıdır. Elə adamlar da var ki, sabunda hava qovuqları olanda xoşlarına gəlir. Bu cür effektə nail olmaq üçün sabunu əritdikdən sonra dərhal formalarına tökmək lazımdır. Sabun düzgün hazırlanmadıqda ovula bilər. Adətən sabunlarda kakao yağı çox olduqda sabun ovulmağa başlayır. N.Rüstəmova bildirib ki, evdə hazırlanan sabunlar satışda olan gel və bir sıra yuyucu vasitələrdən daha keyfiyyətlidir. Evdə hazırlanan sabunlara hər kəs öz zövqünə görə əlavələr edə bilər: "Sabun hazırlamaq üçün bütün vacib məhsulları mağazadan almaq və ya internetdən sifariş etmək olar. Ev şəraitində sabunun hazırlanması üçün kimyəvi əlavələr və aromatizatorları olmayan uşaq sabunlarından və ya sabun üçün nəzərdə tutulan xüsusi məhsuldan istifadə edirlər. Əgər qarışıq məhsullardan, misal üçün, rəngli və ya şəffaf sabun hazırlamaq istəyirsinizsə, eyni şirkətin məhsullarını almaq məsləhətdir. Əks halda sabun gözlədiyiniz kimi alınmayacaq. Sabun üçün tərkibində qliserin, amin turşuları və dioksid titan olan xüsusi xammal lazımdır. Hazır xammal soyuducuda sellofanda saxlanılmalıdır".
Ev şəraitində hazırlanan sabun üçün ikinci vacib komponent yağdır. Sabun hazırlamaq üçün adətən nəmləndirici və qidalandırıcı, baha olmayan bitki yağından istifadə olunur. Şaftalı, zeytun, üzüm, badam və ya ərik tumlarının yağlarından da istifadə etmək olar. Sabun müalicəvi effekt versin deyə, sabuna efir yağları, qatılaşdırılmış meyvə şirələri, ot dəmləmələri əlavə etmək lazımdır. Gül yağları, sitrus meyvələri, ətirli ədviyyatlar isə sabunu ətirli edir. Sabuna darçın əlavə edəndə isə insanın enerjisini çoxaldır və beyindəki prosesləri aktivləşdirir. Lavandalı sabunlar isə yuxusuzluğu aradan qaldırır. Portağal yağı əlavə olunmuş sabun dərini dərindən təmizləyir və dərinin altında olan civzələri müalicə edir. Xəşəmbul dəmləməsi ilə hazırlanan sabun dəridəki məsamələri daraldır. Çobanyastığı dəmləməsi əlavə olunmuş sabun isə qızarmış, səpmiş dərini sakitləşdirir. Sabunları lüfə və qurumuş güllərlə bəzəmək olar.
Müsahibimizin dediyinə görə, klassik sabunu hazırlamaq üçün 100 qram sabun üçün xammal, 2 xörək qaşığı qliserin, 2 xörək qaşığı yağ, 30 damcı efir yağı əlavə etmək lazımdır: "Əvvəlcə seçdiyiniz xammalı iti bıçaqla kəsib buxarda və ya sobada bişirin. Bunun üçün xammalı istiyə dözümlü şüşə qaba qoyun. Məhsul əridikdə qliserin, yağ və aromatizatorları əlavə edib yaxşıca qarışdırın. Alınan qarışığı formaya töküb soyuducuya bir-neçə saatlıq qoyun. Sonra isə ehtiyatla sabunu qabından çıxarın. Ballı və herkulesli müalicəvi sabunu istənilən dəri tipi olan adam istifadə edə bilər. Bunun üçün 100 qram şəffaf xammal, 2 xörək qaşığı şaftalı yağı, 4 xörək qaşığı bal, 2 xörək qaşığı herkulesi blenderdə üyütmək lazımdır. Şabun üçün şəffaf xammalı əridib üyüdülmüş qarışığı əlavə edib yaxşıca qarışdırın. Sonra isə alınan qarışığı formaya töküb üstünü qurudulmuş güllərlə bəzəmək olar. Bu cür sabunla gündə iki-üç dəfə üzü yumaq olar.
Rəngbərəng, müxtəlif laylı sabunlar da hazırlamaq olar. Gözəl rəngləri sədəf rəngləyici vasitələri əlavə etməklə almaq olar. 150 qram sabun üçün xammalı əritmək lazımdır. Alınan qarışığı iki-üç hissəyə bölmək lazımdır. Ayrılan hər hissə sədəf rəngləyici vasitələrlə rənglənilir. Layları bir-bir formaya töküb soyuducuya qoyun. Sabun bir qədər bərkidikdə qarışığı kibrit çöpü və ya bıçağın ucu ilə bir qədər qarışdırmaq lazımdır".